Türkiyədə azərbaycanlılar varlana bilmir - NİYƏ?

 13:27 06.05.2019     21065

 Əslində, bu yazım önəmli hesab etdiyim minimalizm fəlsəfəsi haqqında olacaqdı. Amma, hörmətli həmkarım Vəsilə Vahidqızının Diaspora TV üçün məndən aldığı müsahibə mövzunu dəyişməyimə səbəb oldu. Vəsilə xanım Türkiyədə yaşayan azərbaycanlı jurnalistlərin fəaliyyəti, daha dəqiq desək, fəaliyyətsizlikləri haqqında bir reportaj hazırladı. Həmin reportaj yaxında yayımlanacaq.

        Reportajda mövzu haqqında ətraflı müzakirələr aparılıb. Ona görə də mən məsələnin başqa bir tərəfinə diqqət çəkmək istəyirəm. Bir tanışım var, o, Azərbaycanda media sahəsində tanınır. Üstəlik, Türkiyədə də televiziyada işləyir.  Həmin tanışımın dediyi bir cümləni heç unutmuram: “Rusiyaya gedib zəngin olan çox adam gördüm,  amma Türkiyəyə gəlib zəngin olan bir nəfər də görmədim”.  Fikrimcə, bu sözlər onun illərdən sonra gəldiyi qənaətin ifadəsi idi və təəssüf ki, həqiqət idi. Niyə? Çünki, Türkiyənin Rusiya kimi alkoqolizm problemi yoxdur. Günortadan sonra “vodka” içən İvan bir də sabah günorta ayılır; yeni “vodka” içmək üçün. İki “vodka” arasında vaxt tapıb ancaq bir neçə saat işləyə bilir. Bu işin keyfiyyətindən isə söz gedə bilməz. Beləcə, İvanların yerinə azərbaycanlılar, özbəklər, qazaxlar işləyir və qazanır. Azərbaycanın ucqar dağ kəndindən gedib Rusiyada sərvət qazanan gənclər az deyil. Elə mənim sülaləmin yarısı ordadır. Halal xoşları olsun, yaxşı da qazanırlar.

       Sualıma təzədən qayıdıram: Türkiyədə azərbaycanlılar varlana bilmir, niyə? Çünki türkiyəlilər özləri çalışqandırlar. Dan ulduzunun işığıyla evdən çıxıb ay işığında dönənlər var. Və bu işçi qüvvəsi bütün enerjisini işinin keyfiyyətinə xərcləyir. Bundan əlavə, Türkiyənin ağır  vergi sistemi var.  Onun ağırlığı qarşısında nəinki daxili sərmayə, heç xarici sərmayə də hər an duruş gətirə bilmir. Ümumdünya statistikası göstərir ki, təkcə 2019-cu ilin ilk yarısında Türkiyədə iflas edən şirkətlərin sayı 16200-dür. Bu da o deməkdir ki, ölkədə daha 6 milyon adam işsiz qalıb. Bu rəqəmin üstünə Suriyadan və başqa yerlərdən gələn qaçqın sayını da əlavə etsək,  iş sektorundakı vəziyyəti təsəvvür etmək çətin olmaz. Məhz buna görə Türkiyəyə gəlib zəngin olmaq istəyənlərin xəyalları suya düşür.

        Görünür ki, çox yaxında Türkiyə yenə dünyaya ucuz işçi qüvvəsi ixrac edəcək.  Bu proses başlayıb belə. Almaniya Daxili İşlər Naziri, Almaniya İqtisadiyyat Naziri  və Almaniya Sosial Müdafiə Naziri  Federal Mətbuat Mərkəzində birlikdə mətbuat konfransı keçirdilər. Həmin konfransda açıqlanan yeni qanun layihəsinə görə, ixtisaslı işçi qüvvəsinin ölkəyə gəlməsindəki bəzi maneələr aradan qaldırılacaq. Almaniya Türkiyədən  tibb bacısı, xəstə və yaşlı baxıcısı, inşaatçı, metallurq kimi 61 ixtisas  üzrə işçi qüvvəsi alacaq.

        Təbii ki, belə bir situasiyada Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin vəziyyətində irəliləyiş gözləmək absurddur. Hazırda bu şirkətlərin çoxu borc içindədir. Məni üzən bir məsələ də, bir qarın çörək pulu müqabilində ağır şərtlər altında işləyən həmvətənlərimin buradakı durumudur. Onların ailələrində sənədsiz, təhsilsiz, cəmiyyətin yalnız alt qatıyla tanış olan  bütöv bir nəsil böyüyür.

         Onların gələcəyi ilə bağlı ümidim hələ ölməyib; şükür edirəm, nə yaxşı ki, toxunduğum problemin həlli ilə bağlı diaspora komitəsi hərəkətə keçib.

            ...Və yenə MIŞ, MÜŞLƏR

            “Türkiyədə Yüksək Seçim Kurulu İstanbul Bələdiyyə Başqanlığını ləğv edəcəkmiş...”

            Ümid edək ki, bu, baş verməsin. İşdir, əgər YSK  seçkini ləğv etsə, Türkiyənin yolu yoxuşa dirənəcəkmiş.

            “S-400 müdafiə sistemi Azərbaycana yerləşdiriləcəkmiş...”

       Türkiyənin Xarici İşlər Naziri Çavuşoğlu  S-400  hava hücumundan müdafiə sistemlərinin Azərbaycan və Qətər kimi ölkələrə yerləşdiriləcəyi iddialarını təkzib edibmiş.  Əlavə edib ki, bu barədə heç müzakirələr də olmayıbmış. Onda, atalar demiş,  “ocaq yanmırsa, tüstü hardan çıxırmış?” Niyə bu mövzuda hələ də rəsmi mətbuat konfransı keçirilməyibmiş?

            Belə... Danışılası, deyiləsi o qədər söz var ki... Gələn yazıyadək, əziz oxucular!