Məsuliyyətsiz insanların baş "TACI"

 23:33 07.06.2020     50096

İndi deyəcəklərimi birinci növbədə özümə şamil edirəm ki, kimsə subyektiv fikirlərimi kiməsə ağıl verirmişəm kimi qəbul etməsin, lütfən!

Əlbəttə, istənilən halda, heç kim azad hərəkət imkanlarının məhdudlaşdırılmasını arzulamır, eləcə də mən. Amma düşünəndə ki, bu məhdudlaşdırma gələcək və davamlı hərəkət imkanlarımızın təmin olunması baxımından tətbiq edilir, o zaman, müxtəlif bəhanələr və səbəblərlə bu tətbiqolunmaya qarşı müqavimətin səbəbini anlaya bilmirəm. 

Pandemiyanın ayaq açdığı ilk günlərdə deyirdik ki, “əşşi, boş şeydi. Hələ mənim tanıdıqlarımın, tanıdıqlarımın yaxınlarının arasında bu virusa mübtəla olanına rast gəlməmişik”. Bunu üzülərək qeyd edirəm: Çox keçmədi ki, bu virus, vəziyyətin ciddiliyinə əhəmiyət verməyənlərin, məsuliyyətsiz yanaşanların  həm özlərinin, həm də yaxınlarının baş “TAC”ı oldu...

Yenə inanmadıq və bu inamsızlığın ən bariz göstəricisi, metro stansiyaları və avtobuslarda yaşananlar oldu. Hə, deyəcəksiniz ki, insanlar iş yerlərinə getmək üçün, çörəkpulu qazanmaq üçün o ictimai nəqliyyatlardan sallanmağa məcbur idi. Amma inanın, o nəzərdə tutduğunuz adamların aşağı və yuxarı yaş həddi bunu demirdi...

Və nəhayət, bir məsələyə də toxunmadan keçə bilmirəm. Müharibənin oğlan çağında, ən çox müzakirə olunan mövzulardan biri, bu idi: “Niyə filan məmurun oğlu və ya yaxınları müharibəyə getmir, ancaq kasıb-kusubun balaları qabağa verilir?” O vaxt da, qətiyyən bu iradın əleyhinə deyildim. Vətən hamının olduğu kimi, qeyrəti də hamınındı. Baxır, kimi çox çəkir, kimisi  az və ya çəkə bilmir... Amma bu yükü, çəkə bilməyənin boynuna qoymaq, ən böyük xəyanət olardı. Necə ki, igid qardaşlarımız qanları, canları bahasına nəinki HƏMVƏTƏNDAŞına, həm də xırda bir VƏTƏN  DAŞINA  sahib çıxdılar! 

İndi kim deyə bilər ki, filan məmurun övladı və ya yaxınları restoranlarda, barlarda kef eləyir, kasıb-kusubun balaları evdə dustaq olub? O zaman, indi nəyə etiraz edirik, məqsədimiz nədir? Sosial bərabərlik, qanunların bərabərhüquqlu tətbiqini istəyirdik, bu da bizə bərabərlik. Hamı evdə olmalıdır- mən də, sən də, o dedikləriniz də... Özümüzə hörmətlə yanaşsaydıq, küçəyə pəncərədən boylanmazdıq. Artıq, bunu bizdən xahiş etmirlər, tələb edirlər.