Azərbaycanda falçılara üz tutan kişilər – Pul, iş, yataq, yoxsa sevgi?

 15:44 15.01.2021     1887

Cəmiyyətdə formalaşan yanlış miflərdən biri də Azərbaycanda kişilərin baxıcıya, mistikaya, fala inanmamasıdır. Realda “fal nədir, ayıbdır, günahdır, boş şeydir” deyib gülən kişilərin çoxunu bəzən falçı qapısında görmək olur. 

Redaktor.az xəbər verir ki, "Gent.az" saytı bir neçə baxıcıdan kişilərin hansı niyyətlə onlara üz tutmasını və ən çox nə istədikləri barədə məlumat alıb. 

Fala inanma, faldan qalma?

İlk öncə, Bakının ən məşhur ezoterik qrupunda qadınlar arasında keçirilən sorğumuzda Azərbaycanda kifayət qədər kişinin baxıcıya üz tutduğunu öyrəndik. Qadınlar getdikləri yerdə dəfələrlə kişi müştəri görüblər.

Qadınlar deyir ki, kişilər falçıya getdiklərini biz qadınlar kimi dostları, anası, arvadı ilə bölüşmür, gizlədir. Ona görə də çox qadınlar öz yoldaşının baxıcıya getməsindən şübhələnmir.

Ekstrasenslərin çoxusunu tanıyan İradə xanım bildirdi ki, baxıcı yanına vəzifəlidən tutmuş işsiz kişiyə kimi hər kəs gedir.

“Kişilər hər yerdədir: 10 manata kartla baxan falçının da, 1000 manata qəbul edən Zirəddinin də yanında görə bilərsiniz. Rayonlarda da belələri çoxdur. Falçılar kişilərdən daha çox pul alır. Amma etiraf edirlər ki, onları inandırmaq çətindir. Hətta Bakıdakı rus kilsələrində də bizim kişiləri keşişlərə yaxınlaşıb, pıçıldadığını görə bilərsiniz. Bir çoxları başından kilsə suyu tökdürür, kimi də ruzi üçün dua sifariş edir”. 

Baxıcılar bildirirlər ki, arvadından boşanmaq istəməyən və ya arvadını özünə bağlamaq istəyən kişiyə hələ rast gəlməyiblər.

Kişilərin gizli problemləri

20 ildir Taro kartları ilə fala baxan Toma xanım bildirdi ki, kişilər cadudan qorxur və elə ki, intim həyatında, cinsi sağlamlığında bir balaca problem oldu, dərhal kiminsə onu bağladığından şübhələnir.

Beləliklə, kişiləri baxıcı qapısına salan əsas səbəblər:

  • Birinci yerdə iş, vəzifə, pul, borc, hansısa işinin düzəlməsi, biznes yatırımı, iş yerində mudirin gözündə yüksəlmək, rəqabət 
  • İkinci yerdə cinsi zəflik, iqtidarsızlıq, qadınlarla yataq problemi, ailədə problem
  • Xəyanət – arvadım, sevgilim mənə xəyanət edirmi, başqa kişi varmı?

Yalnız bunlardan sonra  sevgi, şəxsi həyat məsələsi gələ bilər. Baxıcılar bildirir ki, arvadından boşanmaq istəməyən və ya arvadını özünə bağlamaq istəyən kişiyə hələ rast gəlməyiblər. Kişilər daha çox ikinci qadının münasibəti və ona bağlılıq edib etməməyi öyrənmək üçün gəlir. Bir sözlə kişilər qadınların energetik təsirindən qorunmaq üçün silah axtarırlar ki, heç kim onlara təsir edə bilməsin.

Alfons kişilər niyyəti və kişilər cadudan niyə qorxur?

İmkanlı qadınla tanış olub, onun hesabına yaşayan alfons kişilər həmin qadını daha çox əlində saxlamaq, özünə bağlamaq üçün tez-tez baxıcılara üz tutur, məsləhətlər alır və magik rituallar, tilsimlər sifariş edirlər. Onlar qadından aldığı pulla elə qadının özünə magik təsir edir.

Baxıcı Xəyalə xanım bildirdi ki, kişilər cadudan çox qorxur. Kişilər cadu, tilsim də çox tapır: maşınında, iş yerində, bağda, qapıda, geyimlərində, yatağında. Ekstrasens deyir ki, kişilər belə bir şey tapan kimi çox qorxur, dərhal özünü itirir və nə edəcəyini bilmir. Səhvlərdən biri də onun nə olduğunu bilmədən sadəcə, zibilliyə atılmasıdır. Belə bir şeyi etmək qəti olmaz. 

“Kişilər baxıcı qapısına adətən gecə və tək gedirlər. Bir dəfə varlı biznesmenin arvadına dedim ki, ərinin ağ maşını var. Dedi yox, qaradır. Mən isə ağ hündür, hətta təxmini markasını da görürdüm. Onlar o kişinin gömrükdə ilişən və xarici tərəfdaşlarının ona pul “atması” məsələsinə görə gəlmişdilər. Ortada 350 min dollarlıq işin söhbəti gedirdi. Amma maşının rəngini belə deməyim qadını narazı saldı. Məni dinləyib getdilər. Bir gün sonra gecə həmin kişi mənə zəng etdi. Dedi ki, sözlərinizi mənə çatdırdılar, dediyiniz kimi də edəcəyik.  O gördüyünüz ağ maşın isə həqiqətən var. Amma yeni aldığım və səfərə gedərkən sürdüyüm maşındır. Onu ailəm bilmirdi, kiçik sirrim idi”.

Xəzər dənizini axtarsaq, dibindən tonlarla kişi şəkli, əşyası çıxar

Məzarlıqdakı kişi şəkilləri

Kişilər nə qədər fala getməsələr də, hər bir kişinin ən azı bir dəfə fotosu baxıcı qarşısında olur. Həmin kişinin ətrafında olan qadınlardan kimsə mütləq onun şəkillərini aparıb falına, taleyinə baxdırır. Bu özü də kişiyə magik təsirdir və işində, səhhətində mütləq təsirini göstərir. Ən çox analar oğullarının şəklini gətirir.

Qəbristanlıqda qəbirlərin yanında çox zaman kişi fotoları tapılır. Xəzər dənizini axtarsaq, dibindən kiloqramla kişi şəkli, əşyası çıxar. Ümumiyyətlə, kişi heç vaxt bilmir ki, ətrafında kim onun üçün nə edir. Kişinin nə qədər qadın dostu olsa, başı bir o qədər çox ağrıyacaq. 

Bir kişinin bütün işləri alt-üst idi. O, sevgilisindən, birinci, ikinci arvadı, hətta işdəki mühasib qadından da şübhələnirdi ki, onlar cadu edir. Axırda məlum oldu ki, kişinin 19 yaşlı qızı atası üçün ayda ən azı bir dəfə əməl etdirir. Halbuki kişi heç vaxt qızından şübhələnməzdi”.

Ekstrasens Vüqar  kişilərin bu baxımdan yazıq olduğunu dedi. “Çox qadın falçılar kişi müştəridən qorxur, çünki kişini aldatmaq, gözünə kül üfürmək olmur. Kişilər qadınlar kimi son qəpiyini caduya xərcləmir və həmişə qiymət öldürür. Mənim missiyam isə əksinə, kişiləri qara qüvvədən təmizləməkdir. Mən heç qadın müştəri qəbul etmirəm. Onlar günah əməllər üçün gəlir. Cadu, əməl kişini müflis də, dəli də edə bilər. Mən də cadu edilmiş kişiləri onun təsirindən xilas etmək istəyirəm”. 

Ekstrasenslərin qiymətləri

Bakıda normal ekstrasens qiyməti 30-100 manat arası dəyişir. Bu sadəcə, qəbul, fala baxmaq, “diaqnostika” qiymətidir. Xüsusi işlər, dualar və ritual qiyməti isə 300 manatdan başlayıb, 1500 manata kimi qalxır.

Azərbaycanda çox bahalı baxıcılar, ekstrasenslər də var. Qəbul qiymətləri 500-1000 manatdır. Zəngin insanlar, xüsusən Moskvadakı biznesmenlər Zirəddinin qəbuluna gedir, o isə qiymətini gizlətmir: 1000-1500 dollar.

Cahillik qalib gəlir

Təəssüf ki, insan psixologiyası həm dinimizin xəbərdarlıq və qadağasına, həm elmin inkişafına baxmayaraq, hələ də cahillik qalıqları olan falçı, ekstrasenslərə təslim olur. Bu təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində belədir.

Nə yaxşı ki, 90% baxıcılar saxtakar, yalançı, bir iş bacarmayan dələduzlardır. Yoxsa insanların sonu necə olardı, təsəvvür belə etmək çətindir.