Yerə ən yaxın qara dəlik tapılıb

 15:07 07.05.2020     689

Astronomlar göy sferinin cənub yarımkürəsində adi gözlə görünən, üçqat ulduz sisteminə daxil olan qara dəlik tapıblar.

Redaktor.az-ın N. Tusi dına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən xəbərinə görə, bu barədə “Astronomy and Astrophysics” jurnalında elmi məqalə dərc olunub.

Son vaxtlara qədər Yerə ən yaxın məlum olan qara dəlik Təkbuynuz  bürcündə, bizdən üç min işıq ili məsafəsində yerləşən, rentgen mənbəyi olan qoşa A0620-00 ulduz sisteminin komponentlərindən biri hesab olunurdu. Lakin Avropa Cənub Rəsədxanasından Tomas Riviniusun rəhbərlik etdiyi astronomlar qrupu Günəşdən min işıq ili məsafəsində olan HR 6819 üçqat ulduz sistemində bizə daha yaxın  qara dəlik tapıldığı haqqında məlumat veriblər. Bu ulduz sistemi aydın aysız gecədə göyün cənub yarımkürəsində yerləşən Teleskop bürcündə adi gözlə görünür.

Bu kəşf Çilidəki La Silla Rəsədxanasında 2,2 metrlik teleskopunda quraşdırılmış FEROS spektroqrafı vasitəsilə HR 6819 ulduz sistemini tədqiqi zamanı edilib. HR 6819 ulduz sistemi B3 III spektral sinfinə mənsub ulduzdan və onun ətrafında dairəvi orbit boyunca hərəkət edən görünməyən komponentdən ibarət sıx qoşa sistemdir. Sıx qoşa sistemin periodu 40 gündür. Şüa sürəti əyrisinin yarımamplitudunun 61.3 km/san olduğunu bilərək, görünən komponentin kütləsinin minimal qiyməti üçün 6.3 günəş kütləsi, görünməyən komponentin kütləsi üçün isə 4.2 günəş kütləsi alınmışdır. Görünməyən komponentin kütləsi üçün alınmış 4.2 günəş kütləsi qara dəliklər üçün xarakterik olduğu üçün bu komponentin qara dəlik olduğu hesab edilir. //APA