Apteklərdə tibbi maska qıtlığı yaranıb? - Nazir müavinindən açıqlama

 12:05 16.06.2020     651

Koronavirus epidemiyasının bütün dünyada yayılması tibbi maskaya olan tələbatı xeyli artırıb. Bu da tibbi maska qıtlığının yaranmasına səbəb olub. Epidemiyanın yeni yayıldığı dönəmdə bu qıtlıq ölkə ərazisində də ciddi şəkildə yaşanmaqda idi. Dövlət dəstəyi ilə Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-də və Sumqayıtda yerləşən “Gilan Tekstil Park” MMC-də tibbi maskaların istehsalına başlanıldı. Bundan sonra ölkədə yaşanan tibbi maska qıtlığı aradan qalxdı. Lakin son günlərdə apteklərdə yenidən "maska yoxdur" cavabını tez-tez eşidirik. Bəzi apteklər gün ərzində ümumiyyətlə tibbi maskanın gəlmədiyini deyir. Bəziləri isə sadəcə bir maska satmağa icazəsi olduğunu. 

Hazırda ölkədə tibbi maska istehsal olunduğu halda, bu qıtlığın səbəbi nədir?

İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov Redaktor.az-a bildirib ki, tibbi maskalara olan tələbatın təsirlərinin minimumlaşdırılması və müvafiq tələbin ödənilməsi istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli Sərəncamı təsdiq edilib. Sərəncama əsasən, tibbi ləvazimatlar gömrük rüsumundan azad olunub:

"“Azərbaycan Respublikasında yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” çərçivəsində əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsi məqsədi ilə ölkəyə idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar 2020-ci il iyul ayının 1-dək, eyni zamanda tibbi maskaların istehsalında istifadə olunan xammallar 2020-ci il dekabr ayının 31-dək gömrük rüsumundan azad olunub. Eyni zamanda, dövlət dəstəyi ilə cari ilin aprel və may aylarında Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-də və Sumqayıtda yerləşən “Gilan Tekstil Park” MMC-də tibbi maskaların istehsalına başlanılıb. Qeyd olunanlarla yanaşı, tibbi maskalarla bağlı bazarda süni qıtlığın və süni qiymət artımının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi monitorinqlər aparılır və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir".

Sevda Ulutau / Redaktor.az