DİQQƏT: İki həftəlik sərt karantin zamanı evə nə almalıyıq?

 15:45 19.06.2020     4279

Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq. Ciddi karantin rejimi 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək dövrü əhatə edəcək. Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq. 

Bu dönəmdə cəmiyyətdə sosial məsələlər necə tənzimlənməlidir?

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a bildirib ki, daha yaxşı nəticə əldə etmək üçün insanların daxili potensialını düzgün qiymətləndirmək lazımdır:

"İndiki dövrdə insanları əvvəlki vaxtlarda olduğu kimi "bunu et" və ya "etmə" metodu ilə idarə etmək mümkün deyil. Qloballaşmanın sürətlənməsi, cəmiyyətin mürəkkəbləşməsi ilə bağlı dünya idarəetmə elmi də bu fikirdədir ki, yaxşı nəticə əldə etmək üçün, insanların daxili potensialını hərəkətə gətirən işlər görmək lazımdır. Bu mövzuda ümumilikdə Azərbaycanda insanlar 4 qrupa bölünür: bu xəstəliyə inananlar, müəyyən şübhə ilə yanaşaraq inananlar, qəti inanmayanlar və son olaraq, sosial bataqlıq adlandırılan kateqoriyaya aid olanlar. Bura etinasız, heç nə ilə maraqlanmayan insanlar daxildir. Lakin bu cür məsələlərə heç kəs elmi tərəfdən yanaşmır. Anidən hər kəs evdə saxlanıldı və karantin yumşaldıldı, hər kəsə sərbəst hərəkət imkanı verildi. İnsanları vəziyyətə hazırlamaq lazmdır. Burada televiziyalar, mətbuat səfərbər olmalıdır. Bizdə isə televiziya və radiolar çox sadə formada insanları inandıracaq və maariflədirəcək verilişlər yayımlamır". 

Digər tərəfdən sosioloq qeyd edib ki, insanları aşırı ərzaq almaqdan çəkindirmək lazımdır:

"Çalışmaq lazımdır ki, insanlar evə aşırı ərzaq alıb yığmasınlar. Sadəcə bilsinlər ki, burada ciddi narahatlıq yaradacaq heç bir şey yoxdur. Bu müddət ərzində evə lazım olan qədər un alıb qoya bilərlər. Yaxşı olar ki, çörəyi də özləri evdə hazırlasınlar. Çünki satış şəbəkəsinin özü də koronavirusdan sığortalanmayıb. Digər tərəfdən, bu müddət ərzində müəyyən qədər ət, kartof, soğan və bu kimi yalnız zəruri ərzaq məhsullarını almaq mümkündür. Nəticədə tez-tez evdən çıxmaq zərurəti aradan qaldırılmış olar". 

Sevda Ulutau / Redaktor.az

Ucnoqta.az - Ölkə və dünya ilə bağlı xəbərlər