“Azəriqaz” borclu istixana barəsində açıqlama yayıb

 19:59 19.06.2020     985

Son iki gün ərzində mətbuatda “Ağsu-Aqrotexservis” ASC, daha sonra isə adı “Formes.group.az” MMC kimi dəyişdirilən istixananın “Azəriqaz” İstehsalat Birliyinə böyük məbləğdə borcunun olması barədə yazılar dərc olunur.

Redaktor.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurum bu məsələyə dair açıqlama verərək bildirir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh “Ağsu-Aqrotexservis” ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 200.80 manat borc “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir.

Bildirilir ki, daha sonra 2019-cu ilin noyabr ayında “Ağsu-Aqrotexservis” ASC ilə “Azəriqaz” İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədi ilə tərəflər arasında müvafiq razılaşma imzalanıb: “Razılaşmaya əsasən “Ağsu-Aqrotexservis” ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci il tarixdən başlayaraq 25.12.2020-ci il tarixədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 766.74 manat borcun ödənilməsini öhdəsinə götürüb. İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin “Ağsu-Aqrotexservis” ASC tərəfindən razılaşmaya əməl edilməyib. “Ağsu-Aqrotexservis” ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən “Formes.group.az” MMC-yə verilib. İcarə müqaviləsində “Formes.group.az” MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb. Eyni zamanda 26.11.2019-cu il tarixdə “Formes.group.az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırkı vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində “Formes.group.az” MMC-nin Birliyə 217 240.81 manat borcu yaranıb”.

“Azəriqaz” dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədi ilə “Formes.group.az” MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən