Masallıda qızların itkin düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

 12:10 20.06.2020     1060

İyunun 19-da axşam saatlarında paytaxt sakinləri, 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə qızlar yola çıxaraq Bakı istiqamətinə gedən “Kamaz” markalı yük avtomobilinə miniblər. 

Azyaşlılar paytaxta yaxınlaşarkən gecə saat 03:00 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.

İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.