Jurnalistin özü, həyat yoldaşı və bacısı KORONAVİRUSA YOLUXDU

 14:38 23.06.2020     1181

Azərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, "Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və "Cebhe.info” və "Cumhuriyyət” portallarının əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.

Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalist də yoluxub.

M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək, onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.

Qeyd edək ki, M.Abdulla və N.Abdullayeva bacı-qardaşdırlar.

Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.

Qeyd edək ki, hər iki jurnalist Bakının Bibiheybət qəsəbəsində yerləşən "Jurnalist binaları"nda yaşayır. //Musavat.com