Torpaq, Dəniz, Səma

 21:23 26.06.2020     1787

1918-ci ilin 26 iyununda səmalara ucalan istiqlal  bayrağının keşikçilərinin canlı sipəri yarandı. “Basdığın yerləri torpaq deyərək keçmə, tanı” deyənlərdən olan bu canlı sədd quru sərhəddində düşmənə həddini göstərənlərlə quruldu.  Komandiri  general-leytenant Əliağa Şıxlinski olan  5000  nəfər şəxsi heyətli “Əlahiddə  Azərbaycan Korpusu” yarandı. Amma istiqlal carçıları dönməz amalına sadiq olanları öz qoynuna alan torpaqdan başlayan Vətənin bir qarış torpaqla bitmədiyini bilirdilər.

Bu torpağın köksündə çırpınan bir ümmanı-Xəzəri də yad nəzərdən qorunmalı idi. Beləliklə, 1919- cu  ilin sonunda Azərbaycan Xalq Cümhuriyyəti hərbi  dəniz qüvvələrinin təşkilinə  başladı. Yeni yaranmış olan Azərbaycan Xalq Cümhuriyyətinin donanmasına “Qars”, “Ərdahan” hərbi gəmiləri, “ Astrabad”,  “Göytəpə”, “Nargin”, “Araz” köməkçi gəmiləri,  silahlarla təchiz edilmiş “Puşkin” gəmisi və bir neçə kater daxil idi.

Odla bərabər yorğulan torpaqla başlayıb nəbzi  Xəzərlə döyünən Vətəninin mavi ənginliklərinin müdafiəsindən əminlik üçün hərbi hava qüvvələrinin təşkili də olduqca zəruri idi. Vətənin hava sərhədlərinin mühafizəsi üçün atılan ilk addım isə bu sahədə müvafiq kadrların hazırlanması oldu. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu.  1919-cu ilin sentyabrın 14-də isə Aviasiya dəstəsinin ştatı təsdiq edildi. Ştatda 5 zabit, 4 məmur, 54 nizami əsgər və 4 qeyri-nizami əsgər var idi. 1920-ci ildə isə  hərbi nazirlik Azərbaycanda hərbi təyyarəçilər məktəbi açmağı qərara aldı. Lakin istiqlal səmasına doğru gələn qara buludlar hərbi hava qüvvələrinin möhkəmləndirilməsi  işini yarımçıq qoydu. 1920-ci ilin baharı  “Torpaq”,” Dəniz “və “Səma”nı sərt qışla üzbəüz qoydu. Bu hadisə tarixə “Aprel” işğalı kimi daxil olsa da, yenidən səmanın ənginliklərində qürurla dalğalanan istiqlal  bayrağı  “ Torpaq”,” Dəniz “və “Səma” nın gücü ilə  illər sonra “Aprel döyüşləri” adlı yeni səhifə açdı. Lakin barıt qoxulu yollarda düşmənə əyilmədən vüqarla irəliləyən vətən oğullarının son qisası, son savaşı bitməyib. Səngər yanında çatılan ocağın hənirtisinin itmədiyini bilən “ Torpaq” “, Dəniz” və “Səma” bir gün xoş müjdəli bir savaşdan da pay verəcək.

Müəllif: Günel Natiqqızı