AQTA-ya yeni səlahiyyət verildi

 21:46 29.06.2020     1405

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) yeni səlahiyyət verilib.

Redaktor.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştamlarının Milli Kolleksiyada saxlanmasına Qida Təhlükəsizliyi Agentliyi razılıq verəcək. Qüvvədə olan qərara əsasən, bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində olub.

Eyni zamanda, Agentlik tərəfindən Milli Kolleksiyanın bütün mikroorqanizm ştamlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştamları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin ediləcək.

Qüvvədə olan qanuna əsasən, bu səlahiyyət Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda olub.