Tovuzda törədilmiş cinayətin üstü açılıb

 13:18 30.06.2020     6222

13 sentyabr 2019-cu il tarixində Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb. 

Baş Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, istintaqla cinayətin Tovuz rayonunun Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi «Makarov» konstruksiyalı tapança ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə müvafiq eksperizalar təyin edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülərək, digər prosessual hərəkətlər yerinə yetirilib. 

29 iyun 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün  Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.