Professor və həyat yoldaşı koronavirusa yoluxdu

 18:31 02.07.2020     4846

Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor, müxtəlif monoqrafiyaların müəllifi İdris Abbasov koronavirusa yoluxub. 

Redaktor.az xəbər verir ki, İdris Abbasov ev şəraitində öz cüzi vəsaiti hesabına müalicə olunur. Çalışdığı təşkilat və əlaqədar qurumlar onun həyatına və sağlamlığına etinasızlıqla yanaşır. Alimin həyat yoldaşı da hazırda yoluxub və durumu ağırdır. 

Qeyd edək ki, İdris Abbasov on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Naxçıvan Nümayəndəliyinin rəhbəri işləyib. 

Mirzə Kazım bəyin Türk-tatar dilinin qrammatikası əsərinin Azərbaycan dilinə tərcüməçisi İdris Abbasov, hazırda 4 yüz il bundan öncə yazılmış, min yüz səhifəlik "Azərbaycan dilinin orijinal qrammatikası" əsərini italyan dilindən dilimizə çevirir və tərcümə çapa hazır vəziyyətdədir.

Tanışlarının qeyd etdiyinə görə, onun koronavirusa yoluxması, durumunun ağırlaşması da bu tərcümə üzərində üç il ərzində gecə-gündüz çalışması ilə bağlıdır. Belə ki, ona bu qədər gərgin zehni məşğuliyyət qadağan edilib.