SON DƏQİQƏ: Bakıda fabrikdə güclü yanğın - VİDEO (YENİLƏNİB)
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-dən Redaktor.az-a bildirilib ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir. Boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb. Partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.
21:47
Hazırda "Sobsan" boya fabrikində yanğın partlayışla davam edir.
Redaktor.az xəbər verir ki, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.
Əraziyə 5 Təcili Tibbi Yardım briqadsı göndərilib.
20:53
Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edildiyi deyilir.
Redaktor.az xəbər verir ki, yanğının baş verdiyi ərazidə insanlar təxliyə olunur. Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.
İlkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir. Yanğın güclü olduğundan yaxınlıqdakı binalara keçmək ehtimalı var.
20:29
Bakıda “Sobsan” boya fabrikində yanğın baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. İlkin məlumata görə yanğın "Sobsan" boya fabrikinin sexində başlayıb. Yanğının səbəbləri haqqında hələlik dəqiq məlumat yoxdur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb edilib.