Dövlət Komitəsi: "Şuşa şəhərciyi”ndə yanğın olmayıb

 20:12 06.07.2020     1162

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib. Bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər.

Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsindən Redaktor.az-a verilən məlumatda bildirilib ki, Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi” adlanan ərazidə heç bir yanğın hadisəsi baş verməyib. Yanğın “Şuşa şəhərciyi”nin ərazisindən bir neçə kilometr uzaqda olub və nəticədə yerli əhalinin yaşadığı evlərə ziyan dəyib.

Mətbuat xidməti kütləvi informasiya vasitələrindən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı məlumatların yayılmasına diqqətlə yanaşmağı, həmin məlumatları yaymamışdan qabaq Dövlət Komitəsi ilə əlaqə saxlayaraq dəqiqləşdirməyi  bir daha xahiş edib.