Niyə xaricə getmək olar, rayonlara yox? - "YOLUXMA ARTACAQ VƏ..."
Koronavirus testi verib xaricə gedə biliriksə, eyni halda rayona niyə gedə bilmirik?
Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fəzail Ağamalı bu məsələni 10-15 gün əvvəl gündəmə gətirdiyini bildirib:
“Təxminən 10-15 gün bundan əvvəl insanların müəyyən testlərdən keçib, qaydalara əməl edərək rayonlara getməsi ilə bağlı məsələ qaldırdım. Lakin Operativ Qərargah bu məsləyə reaksiya vermədi. Fikirimcə, kim rayona getmək istəyərsə, əvvəlcədən test verməli və nəticələr neqativ olduğu halda rayona getməyinə icazə verilməlidir. Çünki ən çox yoluxma Bakıdadır və onların burada qalması yoluxma sayını daha çox artıra bilər.
Həmçinin, bu gün Bakıda karantin qadağalarına görə rayona gedə bilməyən xeyli rayon qeydiyyatı olan insan var. Hesab edirəm ki, onların burada qalmağındansa, rayona gedib təmiz havada qalması daha yaxşıdır. Operativ Qərargah bu məsələyə baxmalıdır. İnsanların rayona getməsi Bakıdakı sıxlığı azalda bilər ki, bu da virusla mübarizədə bizə kömək edəcək.
Professor Adil Qeybulla da saytımıza açıqlamasında bu təklifi məqsədəuyğun hesab edib:
“Ümumiyyətlə, Azərbaycan daxilində görülən tətbirlərdə xeyli yanlışlıq və çaşqınlıqlar var. Karantin davranışlarını elə təyin etmək lazımdır ki, qaydalar bu şəkildə sərt olmasın. Çünki insanların azadlıqlarını məhdudlaşdırmaq düzgün deyil. Çünki bu məhdudlaşdırma effekt verməyəcək. Düşünürəm ki, insanlardan karantin qaydalarından daha çox karantin davranışlarını tələb etmək lazımdır. Çünki əhali sosial məsafə gözləsə, maska taxsa, gigiyena qaydalarına əməl etsə bu vəziyyət yaranmaz”.
A.Qeybulla bildirib ki, metronun bağlanması yoluxma sayını artıracaq:
“Metronu bağlanması ilə ictimai nəqliyyata daha çox güc düşüb. Üstəlik sosial məsafə də gözlənilmir. Belə olan halda yoluxma artır, görülən tətbirlər də effektsiz olur. Bütün bunlar göstərir ki, ölkəmizdə müəyyən tətbirlər görülsə də, mexanizim düzgün qurulmur. Bu da belə bir acınacaqlı vəziyyət ortaya qoyur”.
Mahir Ələkbərov / Redaktor.az