Sabahdan bu obyektlərin işləməsinə icazə verilir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.
Bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.