Beynəlxalq Miqrasiya Təşkilatı toplantı keçirdi

 12:25 21.07.2020     4266

İyulun 17-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi BMT-nin Baş katibinin təşəbbüsü ilə qəbul edilən və Azərbaycanın da qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədinin uğurla həyata keçirilməsi məqsədilə BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Azərbaycanda yaradılmasına həsr olunmuş onlayn Milli koordinasiya toplantısını keçirib.

Redaktor.az xəbər verir ki, tədbirdə BMT-nin ölkədəki agentliklərini, Hökümət qurumlarını, diplomatic nümayəndəlikləri, ictimai və özəl təşkilatları təmsil edən 30-dan artıq iştirakçı qatılıb. 

Giriş nitqində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üçün Qlobal Sazişin (GCM) effektiv icrasına dəstək vermək məqsədi ilə BMT İcraiyyə Komitəsinin 23 may 2018-ci il tarixli iclasında BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin yaradılması haqda qərar qəbul edildiyini qeyd edib. 

BMT-nin Azərbaycanda yaradılan Miqrasiya Şəbəkəsinə  gəlincə, Vladimir Qyorqiyev bu təsisatın Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üçün Qlobal Sazişə və Dövlət Miqrasiya Strategiyasına uyğun olaraq, səmərəli miqrasiya idarəetməsini və miqrantların və icmaların hüquqlarının və rifahının qorunmasını dəstəkləyən mexanizmləri təşviq etmək məqsədilə Dövlət Miqrasiya Xidməti və bütün aidiyyəti hökumət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor və Azərbaycanda miqrasiya problemləri ilə məşğul olan digər qurumlarla sıx əməkdaşlıq edəcəyini bildirib. 

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai öz çıxışında BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayıb və bunun Azərbaycan hökümətinə Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyini həyata keçirməkdə, o cümlədən miqrasiyanı BMT-nin mövcud və yeni Dayanıqlı İnkişaf konseptlərinə daxil etməkdə dəstək verəcəyini qeyd edib. 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında şəbəkənin yaradılması ideyasını və BMqT və tərəfdaşlarının bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdi və bunun Azərbaycan Respublikasının da qoşulduğu Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üçün Qlobal Sazişdə əksini tapan məsələlərin daha da uğurla icra edilməsinə töhfə verəcəyinə əminliyini bildirib. 

Tədbirdə iştirak edən digər iştirakçılar şəbəkənin tezliklə Azərbaycanda qurulması üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildiriblər.

Daha sonra BMT Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər verilib. 

222