Ceyhun Bayramov Almaniya səfiri ilə görüşüb

 19:35 30.07.2020     562

Xarici İşlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul etdi.

Xarici İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətlərinin bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi apardılar.

Nazir Ceyhun Bayramov Azərbaycan, eləcə də bölgədə təhlükəsizliyə hədə olan Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırdı. Ermənistanın rəhbərliyinin ziddiyyətli bəyanat və əməllərinin, eləcə də sonuncu planlaşdırılmış təxribatın münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olundu. Azərbaycanın mahiyyət üzrə və nəticəyə yönəlik danışıqları dəstəklədiyini vurğulayan nazir, Azərbaycanın ərazilərinin işğalı ilə heç zaman barışmayacağını və danışıqların məhz işğalın nəticələrinin aradan qaldırılmasına xidmət etməli olduğunu qeyd etdi.

Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Almaniya Xarici İşlər naziri Hayko Maasın Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu təqdim etdi. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminlik ifadə olundu.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.