Sumqayıtda çimərliklərdə reydlər keçirilir - FOTO

 20:22 08.08.2020     703

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisindəki çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət tədbirləri həyata keçirirlər.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a  bildiriblər ki, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

Tədbirlər zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında 5 nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

Tətbiq olunan qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür. Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb ediliblər. Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.