DTX əməliyyat keçirdi: Eldar Həsənov həbs edildi - SON DƏQİQƏ

 17:54 13.08.2020     3775

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

DTX-dan Redaktor.az-a verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.   

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

 17:31 13.08.2020     3639

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.