Professordan təklif: İdman zalları açılsın, yoxsa... - AÇIQLAMA

 15:36 20.08.2020     17503

Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin qaydalarına müəyyən yumşaldılmalar tətbiq olundu. Bu yumşaldılmalar fonunda çimərlik və ictimai iaşə obyektləri də açıldı.

İdmansevərlərin açılmasını gözlədiyi məkanlardan biri də idman zallarıdır.

Məsələ ilə bağılı Redaktor.az-a danışan professor Adil Qeybulla idman zallarının açılmasına problem olmadığını bildirib: 

"Karantin yumşaldılmazdan əvvəl tərəfimizdən müəyyən təkliflər verilmişdi. Həmin təklifdə qeyd etmişdik ki, sosial həyatın bütün sahələrinə karantin davranışlarına əməl etməklə icazə verilə bilər. Hazırda Operativ Qərargah mərhələli şəkildə yumşaldılma həyata keçirir. İlk növbədə açıq havada olan ictimai iaşə obyektlərinin açılışına qərar verilib. Amma bir şeyi nəzərə almaq lazımdır ki, marketlər də qapalı məkandır və oradan gün ərzində minlərlə insan istifadə edir. Bu baxımdan düşünürəm ki, marketdə necə insanlar özlərini qoruyursa, idman zallarında da qoruya bilərlər. Sadəcə zallarda kondisioner yox, digər havalandırma vəsitələrindən istifadə etmək olar. Əsas odur ki, karantin qaydaları gözlənilsin. Karantin davranışlarına əməl etməklə nəinki idman zalları, hətta toylara da icazə verilə bilər.

Yəqin ki, yaxın zamanlarda müəyyən qaydalar əsasında idman zallarının açılışına icazə veriləcək. Çünki təyin olunan qaydalar əsasında zalların və digər sosial yerlərin açılmasında heç bir problem yoxdur".

Millət vəkili Bəhruz Məhərrəmov isə idman zallarının açılmasının dövlətin də, vətəndaşların da marağında olduğunu bildirib: 

“Bununla bağlı fikir və çağırışlarda hamımız ehtiyatlı olmalı, süni təzyiq effekti ilə aidiyyatı qurum və mütəxəssislərin sağlam qərarına təsir göstərməməliyik. İndiki məqamda hazırki şərtlərlə, hər fərdin istifadəsindən sonra avadanlıqların dezinfeksiya edilməsi, havalandırma şərtlərinin dəyişməsi, insanların kiçik partiyalarla zala buraxılması kimi digər önləyici tədbirlər idman zallarının sahibləri üçün izafi xərclərdir və açığı obyektlərin çoxunun bu xərclərin altından qalxa biləcəyini düşünmürəm. İdman zallarının fəaliyyətinin açıq hava şəraitinə keçirilməsi isə xərcləri də, təhlükəni də azalda bilər. Lakin istənilən halda qərar mütəxəssislərindir və hökumət bu məsələlərdə həssas davranmaqla doğru edir”.

Mahir Xəttab \ Redaktor.az