Nəqliyyat şirkətlərinin nümayəndələri ilə görüş - Onlayn formada...

 18:59 24.08.2020     385

“Caspian Energy Club”un nəqliyyat komitəsinə daxil olan, ölkənin aparıcı nəqliyyat şirkətlərinin nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin onlayn formatda görüşü keçirilib.

Klubdan Redaktor.az-a bildirilib ki, Elmir Vəlizadə xüsusilə pandemiya dövründə keçirilən onlayn görüşlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu iş ölkəmizdə dövlət və özəl sektor arasında qarşılıqlı əlaqələrə müsbət töhfə verib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin nəqliyyat sektorunun tranzit-logistika potensialının gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri bundan sonra da dəstəkləyəcək. Azərbaycanın tranzit imkanları və mövcud infrastruktur yerli və xarici nəqliyyat və logistika şirkətlərinə bütün mövcud istiqamətlərdə yükdaşımaları həyata keçirməyə imkan verir. Azərbaycanın regionun nəqliyyat habı kimi imkanlarını genişləndirmək üçün ölkəmizdə əlverişli şərait yaradılıb”, - deyə Elmir Vəlizadə bildirib.

Telman Əliyev bildirib ki “Sahibkarlar pandemiya dövründə, əsasən də xüsusi karantin rejiminin ilk vaxtlarında və hazırda nazirliklə keçirilən bu görüşləri yüksək qiymətləndiriblər. Bu görüşlər nəqliyyat şirkətləri üçün yaranmış vəziyyətdə fəaliyyətlərinin təşkilinə dair təlimat əldə etməyə, mövcud problemlərin operativ həlli üçün əlaqələrin yaradılmasına xidmət edib. Şirkət rəhbərləri və top-menecerlər tərəfindən tranzit, logistika, freytforvardinq və nəqliyyat üzrə məsələ və təkliflər səsləndirilib və müzakirə olunub”.