Yevlaxda narkotacir tutuldu - FOTO

Yevlaxda çoxsaylı çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a bildirilib ki, daxil olan məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Tariyel Məmmədov saxlanılıb.
T. Məmmədovun şəhər ərazisində kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 45 sm-dən 330 sm-dək olan, çəkisi 400 kiloqrama yaxın 149 ədəd çətənə kolları və satış üçün qablaşdırdığı ümumi çəkisi bir kiloqram 300 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Həmçinin, T. Məmmədovun həmin yerin mühafizəsi məqsədilə istifadə etdiyi kənardan idarə olunan videokamera, gecə görüntüsü üçün xüsusi hazırlanmış fənər, satış məqsədilə istifadə etdiyi elektron tərəzi və eləcə də, digər müxtəlif növ vasitələr və qurğular da maddi sübut kimi götürülüb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.