Bir gündə üç yalan danışan Mətanət Misirxanova - MÜƏLLİF YAZISI

Ötən gün saytımızda (Ölke.az) “Daha bir məmur övladına nişan mərasimi keçirdi – Bəy İcra hakimiyyətinin işçisidir – Video” başlıqlı yazı dərc edilib.
Yazıda qeyd edilir ki, Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub. Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində Ağdam rayon icra hakimiyyətinin də yüksək vəzifəli şəxsləri iştirak edib. Sadəcə onlar üçün digər otaqda xüsusi masa açıldığından əldə etdiyimiz görüntülərdə yoxdurlar.
Həmçinin qeyd olunurdu ki, 30-dan artıq insanın iştirakıyla keçirilən mərasimdə Misirxanovanın qızı Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb. Qeyd edək ki, Fəzəməli Nurlan Ağdam rayon icra hakimiyyətinin işçisidir.
Yazının dərcindən bir neçə dəqiqə öncə əməkdaşımız Misirxanovayla əlaqə saxlayır. 180 minlik rayonun təhsilinə rəhbərlik edən qadın sualı eşidər-eşitməz dəstəyi asır. Təbii ki, bu, onun hüququdur. Ancaq eyni zamanda mədəniyyətinin, daha doğrusu mədəniyyətsizliyinin göstəricisidir. Niyə?
Çünki bunun ardınca bir-birinə uyğun gəlməyən iki, hətta üç açıqlama verir. Oxu.az-a bildirir ki, qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb:
“Məclis 23 may 2020-ci ildə keçirilib. Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.
Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.
Arınca isə sosial şəbəkədə yazır:
Çoxunuzun bildiyi kimi bu günlərdə mənim haqqımda bir qrup şəxs qarayaxma kompaniyasına başlamış, mənim 08.03.2020-ci il tarixdə (həmin zaman ölkə daxilində pandemiya ilə bağlı izolyasiya tətbiq edilmişdir) iştirak etdiyim bir məclisdən şəkil qoyaraq guya həmin məclisin indi mənim övladım üçün keçirildiyini şərh edən yazılar yazmağa başlamışlar. Yazılarda qeyd edilir ki, guya mən bacımın övladına, öz övladıma toy etmiş, nişan mərasimləri keçirtmişəm. Yazılarda həmçinin rayon rəhbərinin, hüquq mühafizəçilərinin də bu işdən xəbərdar olması barədə yanlış fikirlər səsləndirilmişdir. Bizi tanıyan hər kəs bilir ki, mənim bacımın iki övladı var. Hər ikisi subaydır. Mənim iki övladım var. Hər ikisi subaydır. Hamı yaxşı bilir ki, mən bu dövləti sevir, rəhbərliyin verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə çalışır, hər zaman dövlətimizi və dövlətçiliyimizi qorumağa çalışıram. Bütün bu qarayaxmalara son qoyulmağa, bu çətin dövrdə bir olmağa hamını çağırıram. İnanıram ki, mənim bu yazım çoxlarınız tərəfindən paylaşılacaq və mənə qarçı atılan bu çirkaba son qoyulacaqdır”.
Heç şübhəsiz ki, bu iki ziddiyyətli açıqlama ya ifrat yalançılığın əlamətidir, ya da şizofreniya, yaxud amneziya xəstəliklərindən birinin simptomlarıdır. Çünki əvvəla, bizim yazıda nə rayon rəhbərinin, nə hüquq müdafiəçilərinin adı çəkilmir. İkincisi, jurnalistin sualını dinləyib dəstəyi asandan sonra iki fərqli nağıl uydurmaqdansa, yerindəcə məsələyə münasibət bildirmək olardı. Hər halda biz ona “Şirvangöl” “hadisələri” barədə yox, karantin qaydalarını pozaraq qızına nişan etməsi barədə sual vermişdik.
Hə, Misirxanovanın daha bir yalanı barədə də danışmasaq, günah olar. Belə ki, o, sosial şəbəkə yazıb, bütün məktəb direktorlarına "hamınız paylaşın" əmrini verdiyi açıqlamasında məclisin mart ayının 8-də keçirildiyini yazır. Ancaq görüntülərdəki şəxslərin geyimlərinin mart ayına yox, yay aylarına uyğun olduğunu unudur. Yeri gəlməsə də, sözügedən açıqlamalardan sonra "google"da RTŞ müdirinin adını yazaraq verdiyimiz axtarışda çıxan on yazıdan doqquzunda məktəblərdən yığdığı pullar barədə geniş söhbət açılır. Kimə maraqlıdırsa, oxuya bilər.
Onu da qeyd etmək yerinə düşər ki, M.Misirxanova Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatının Qadınlar şurasının sədridir. Hər halda təhsil müdirinin partiyadaşı Siyavuş Novruzovun bir neçə gün öncə atdığı addımı gözləmək məntiqli olardı. Düzdür, Novruzovla müqayisədə Misirxanova YAP üçün çox kiçik fiqurdur. Amma ölkənin ən böyük rayonlarından birinin təhsil sahəsinə illərdir rəhbərlik edən şəxsin ağlı kəsməmiş deyil ki, indiki halda partiyadan istefa ən doğru addımdır.
Bu arada Mətanət Misirxanovanın kürəkəni, Ağdam İcra hakimiyyətinin işçisi Fəzəməli Nurlanı da dünya tarixində ilkə imza atmış şəxs kimi təbrik etmək olar. Belə ki, o, qaynanasının mart ayında iştirak etdiyi məclisə görə, iyulun 10-da iş yerində şirinlik (konfet) paylayırmış. Hər halda bu faktla bir azərbaycanlı kimi də fəxr etməyə dəyər. Çünki dünya tarixində belə bir fakt olmayıb ki, kimsə qaynanasının mart ayında iştirak etdiyi məclisə görə iyulda şirinlik paylasın, özü də icra hakimiyyətində. Qarabağlılar demiş, sağ ol, yeznə!
Ümid edirik ki, yeni təhsil naziri Emin Əmrullayev məhz bu cür yaddaşsızlıq və yalançılıq xəstəliyindən əziyyət çəkən təhsil məmurlarından başlayacaq. Ki onlardan birinin adı və ünvanı hər kəsə bəllidir.
İntiqam Valehoğlu (Ölkə.az saytının Baş redaktoru)