Rusiyada gizlənənlər ekstradisiya edildi

 14:43 27.08.2020     251

Rusiya bir sıra cinayətlərdə ittiham olunan üç nəfəri Azərbaycana təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Rusiya Federasiyasının Baş Prokurorluğu Azərbaycan tərəfinin sorğusuna əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətməkdə təqsirləndirilən şəxsləri cinayət məsuliyyətinə cəlb edilməsi üçün ekstradisiya edib.

Belə ki, 2013-cü ilin dekabrında təqsirləndirilən şəxslərdən biri Azərbaycan Respublikasının Astara gömrük-keçid məntəqəsindən İran İslam Respublikasının ərazisinə keçərək orada ağır və xüsusilə ağır cinayətlər törətmək üçün, o cümlədən terrorçuluq məqsədilə yaradılan cinayətkar birliyə qoşulub.

2013-cü ildən 2014-cü ilin dekabrına qədər o, digər şəxslərlə birlikdə Suriya ərazisində qanunsuz silahlı dəstənin fəaliyyətində iştirak edib. Bundan əlavə, o, silah, partlayıcı maddələr və qurğular, eləcə də digər təhlükəli texniki vasitələrdən istifadə üzrə təlim keçib.

Digər təqsirləndirilən şəxs arvadını döyərək ona xəsarət yetirib.

Üçüncü təqsirləndirilən şəxs isə avtomobil satmaq vədi ilə aldadaraq əldə etdiyi pulu mənimsəyib.

Cinayətləri törədəndən sonra həmin şəxslər hüquq-mühafizə orqanlarından qaçıblar və axtarışa veriliblər.

Onların Rusiya Federasiyası ərazisində olduqları barədə məlumat təsdiqlənəndən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Rusiya Federasiyasının Baş Prokurorluğuna təqsirləndirilən şəxslərin Azərbaycana ekstradisiyası ilə bağlı sorğu göndərib.

Təqsirləndirilən şəxslər xüsusi müşaiyətçilərlə Azərbaycana göndərilib.