Hökməli bələdiyyəsi cəzalandırılıb - RƏSMİ

 16:12 27.08.2020     683

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlandığı aşkar edilib.

Xidmətin rəis müavini Ramal Bağırov Redaktor.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət tullantılarının qalaqlanmasının artıq bir neçə dəfə təkrar olunduğu, bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulduğu, lakin lazımi tədbirlərin görülmədiyi müəyyən edilib.

“Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib. Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub, bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib”.

Azərbaycanda 137 nəfər yoluxdu - 2 nəfər vəfat etdi

 16:07 27.08.2020     980

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 min 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 min 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1956 nəfərdir.