Millət vəkili: 300 dollar bir çox məmurun heç... - SƏRT AÇIQLAMA

 12:58 28.08.2020     1410

Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edib.

Belə ki, əvvəlki qərarə əsasən 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi. Yeni qərarda isə bu məbləğ 300 dollara endirilib.

Yeni qəbul edilən qarar insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov yeni qərarın xeyrindən çox ziyanının olacağını bildirib:

“Təəssüf ki, bütün mühüm tərəflərini vurğulamaqla, bu qərarının ziyanının xeyirindən çox olması qənaətindəyəm. Daha dəqiq desəm, bu qərar əsassız məhrumiyyətlər yaratmaqla dövlətin ali məqsədlərinə ziddir. Fikrimi bir neçə bənddə izah etməyə çalışacam:

- İlk olaraq ondan başlayaq ki, qərar ölkədə sosial narazılıq yaratdı. Dövlət başçısı bu böhran şəraitində şəxsən böyük cəsarət və humanistlik nümayiş edib çox ciddi bir yükün altına girdi, heç bir sosial layihəni təxirə salmadı, üstəlik son 7 ayda 3,5 milyard pul xərclədi ki, ölkədə sosial narazılıq olmasın, vətəndaşların rifahı və güzaranı pozulmasın. Indi fiziki şəxslərin sifariş etdiyi 2 dəst paltarın rüsumu üçün xalqı narazı salmağa dəyərdimi?

- Konstitusiyanın 15-ci maddəsi ilə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. İndiki halda Gömrük Komitəsinin mağaza sahiblərinin vəziyyətini düşünməsi həqiqətən alqışalayiqdir, lakin, unudulur ki, bu müdafiə tədbiri adı altında son vaxtlar təşəkkül tapmış daşıyıcı şirkətlər faktiki olaraq məhv edilməkdədir. Bir təbəqə sahibkarı digər təbəqəyə qurban vermək nə dərəcədə etik və faydalıdır?

- Digər çox vacib məqam, qarşıdan payız-qış mövsümü gəlir, heç koronavirus olmasa da belə, bu mövsümdə adətən infeksion xəstəliklərin geniş yayılır. COVİD 19-un ikinci dalğasının qorxusu ilə yaşadığımız bir dövrdə, mağazada bir paltarı 10 nəfərin soyunub geyinməsi yaxşıdır, yoxsa hər kəsin fərdi qaydada internetlə sifariş etməsi?

- Başqa bir vacib məqam limitin təsbit olunduğu rəqəmin özü ilə bağlıdır, tam səmimi olaraq soruşmaq istəyirəm, bu qərarın qəbul olunmasında iştirak edən hansı məmur 300 dollara övladını başdan ayağa geyindirir? Axı 300 dollar bir çox məmurun heç qalstukunun “zapinkası” da deyil!

- Ən nəhayət və mənim üçün ən vacib məqam, bilənlər bilir ki, təmsil etdiyim Biləsuvarda bütün rayonun taleyi gömrüklə bağlıdır, insanlar qiymət fərqinə görə ərzağından geyiminə qədər çox şeyi qonşu ölkədən alır. Tətbiq edilən limitlə, bu qadağalarla büdcəyə gələn gəlir, hər hansı biləsuvarlının ehtiyaclarını qarşılaya biləcəkmi? Özüm də tam məsuliyyətimlə cavab verim ki, xeyr edə bilməyəcək. Ona görə də sizə zəhmət, bu insanları narazı salmayın, unutmayın ki, büdcə elə uğrunda narazı saldığınız bu insanlar üçündür.

Nəzərə alın, çox həssas dövrdür, insanların güzəşt gözlədiyi bir vaxtda həqiqətən bu radikal addımların nə zamanı nə də yeri idi”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən