Naziya Şəmsəddinskaya vəfat edib

 02:13 29.08.2020     280

Azərbaycan tibb elminə ağır itki üz verib.

Azərbaycan Tibb Universitetindən Redaktor.az-a verilən məlumata görə, avqustun 26-da Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı, Azərbaycan Tibb Universitetinin II mamalıq və ginekologiya şöbəsinin əməkdaşı Naziya Şəmsəddinskaya ömrünün 94-cü ilində vəfat edib.

Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş N.Şəmsəddinskaya 30 ildən artıq müddətdə ATU-nun mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib. Özünün çoxşaxəli fəaliyyəti ilə professor N.Şəmsəddinskaya tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş Naziya Şəmsəddinskaya həm də 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların müəllifidir. Yüksək ixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasında böyük xidmətləri olan əməkdar elm xadimi N.Şəmsəddinskaya 40 elmlər namizədi, üç tibb elmləri doktoru hazırlayıb. Çoxsaylı beynəlxalq konqreslərdə iştirak edən professor fəaliyyəti boyunca Azərbaycan elmini xarici ölkələrdə layiqincə təmsil edib.

“Şöhrət” ordeni laureatı N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksək ixtisaslı cərrahi və təcili yardım xidmətini göstərib. Elmi, pedaqoji və əkim fəaliyyəti ilə yanaşı, Naziya xanım böyük ictimai iş də aparıb. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü olmaqla yanaşı, Respublika mama-ginekoloqların elmi cəmiyyətinin idarə heyətinin sədr müavini olub.

Tibb elmləri doktoru, professor N.Şəmsəddinskayanın Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib.