Xaçmazda Aşura mərasimi keçirənlər saxlanıldı

 23:03 29.08.2020     702

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Redaktor.az-a verilən məlumata görə, bundan əlavə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara cari ilin avqust ayının 21-dən başlayan Məhərrəm ayı, o cümlədən "Aşura" günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsi yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilmişdi.

Buna baxmayaraq təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayon ərazisində Eldar Tahirova məxsuz fərdi yaşayış evində "Aşura" məclisinin keçirilməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, ev sahibi və məclisdə olan 14 nəfər şöbəyə gətiriliblər.

Burada onlarla izahedici söhbətlər aparılıb və törətdikləri qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan ev sahibi Eldar Tahirov və digər 14 nəfər şəxs barəsində qanunauyğun tədbirlər görülüb.