Biləcəridə qətl törədən şəxs tutulub

 10:39 01.09.2020     462

Avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ayxan Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.