Görədildəki kanal tullantılardan təmizləndi

 20:25 03.09.2020     406

Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsinin ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılmış, kanalın sakinlər tərəfindən zibilləndirildiyi bildirilmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Redaktor.az-a bildiriblər ki, məsələ ilə əlaqədar paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Qeyd edilməlidir ki, bu ərazidə kanalın və ətraf ərazilərin sakinlər tərəfindən məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş verib.

Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətrafı tullantılardan təmizlənib, buraya əlavə tullantı konteynerləri yerləşdirilib, ərazinin təmizliyinə cavabdeh olan yerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artırılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.