Azər Maqsudov: Bakıda iki nəfəri ilan sancıb

 11:57 05.09.2020     265

Bakıda son yeddi gün ərzində iki nəfəri ilan sancıb.

Redaktor.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, paytaxtın Xəzər rayonu ərazisindən ilan sancması ilə bağlı müraciətlər olub:

“Bakıətrafı kəndlərdə iki nəfəri gürzə sancıb. Onlara ilkin yardım göstərilib və evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb”.

A. Maqsudovun sözlərinə görə, son bir həftədə dərman zəhərlənməsi ilə bağlı da xəstəxanaya müraciət edənlər olub:

“Belə ki, xəstəxananın Toksikologiya Şöbəsinə azyaşlılar da daxil olmaqla, dörd nəfər dərman mənşəli allergik reaksiya ilə müraciət edib. Metil spirtindən zəhərlənən bir nəfər, sirkə turşusundan zəhərlənən iki nəfər şöbədə müalicə alaraq evə buraxılıb. Həftə ərzində dəm qazından zəhərlənmə halı olmayıb”.

“Hazırda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müxtəlif zəhərlənmələrlə daxil olan 14 nəfər stasionar müalicə alır”, - deyə A.Maqsudov əlavə edib. //Oxu.az