Çimərliklərdə nəzarət tədbirləri davam edir

 15:12 06.09.2020     242

Paytaxtda çimərlik mövsümünün sonu yaxınlaşmasına baxmayaraq, vətəndaşların çimərliklərə istirahətə gəlişi davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq çimərliklərdə sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət olunması ilə bağlı Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin struktur qurumları tərəfindən karantin şəraiti nəzərə alınaraq tədbirlər davam etdirilir, vətəndaşlara səsgücləndiricilər vasitəsilə bu barədə mütəmadi xəbərdarlıqlar edilir. Artıq 1 aydır ki, çimərliklər fəaliyyət göstərir və sakinlər yaradılan şəraitdən razılıqlarını bildirirlər.

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri ciddi nəzarətdə saxlanılıb, kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edirlər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrıca konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

Çimərlik mövsümünün sonu yaxınlaşdığından şənbə və bazar günlərində oraya insan axınının çoxluğu nəzərə alınaraq xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir. Çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nəzarəti artırılıb.

Çimərliklərə gələnlərin sayının tənzimlənməsi məqsədilə “cimerlik.az” portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunub. İstirahətə gələn vətəndaşların sayını ASAN könüllüləri qeydə alır və çimərliklərə girişi tənzimləyirlər.

Görülən bütün işlərin əsas məqsədi vətəndaşları xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumlarının nümayəndələri tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.