Masallıda 32 yaşlı kişi küçədə qətlə yetirildi

 10:00 07.09.2020     1288

Masallı rayonunda qətl hadisəsi törədilib.

Masallı rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, hadisə sentyabrın 7-də saat 01 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.