Millət vəkili əsəbiləşdi: Yol polisi qəfil pusqudan çıxıb... - AÇIQLAMA

 11:42 08.09.2020     1054

“Gizli deyil ki, bu gün ölkədə vətəndaşın ən çox narazı qaldığı sahələrdən, qurumlardan biri də məhz yol polisidir”.

Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Redaktor.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dəfələrlə avtomobil idarə etdiyi zaman yol polisinin qanundankənar davranışlarına, rüşvət almasına şahid olub:

“Rüşvət almalarını, şantaj etmələrini, qanunu bilməyənlərin bilgisizliyindən istifadə edib sürücülərin başına oyun açmalarını da görmüşəm. Bu sadaladıqlarımı demək olar, bütün sürücülər təsdiqləyirlər. Sirr deyil ki, yol polisinin əksəriyyəti işə çıxanda bir məqsədləri olur, “çörək pulu çıxarmaq". Yəni yolu tənzimləmək, qayda pozuntularının qarşısını almaq yox, əksinə pusquda durub qayda pozuntusuna şərait yaratmaq, müəyyən bir zamana kimi göz yummaq və qəfil pusqudan çıxıb ovunun üzərinə şığımaq. Budurmu qanun?”.

Razi Nurullayev vurğulayıb ki, yol polisi ləğv edilməli və köhnə sistemin əməkdaşlarının əksəriyyəti uzaqlaşdırılmalı, yenilərlə əvəz edilməlidirlər:

“Yol polisinin yazdığı cərimənin 25 faizini onların əmək haqlarına əlavə edilməsi barədə qanun var. Bundan başqa, yol polisinin əmək haqları orta azərbaycanlının əmək haqqından bir neçə dəfə çoxdur. Təəsüf ki, yenə də rüşvətin, qanunsuzluğun qarşısı alınmır. Azərbaycanda yol polisindən narazı qalmayan tək-tək ailə ola bilər. Bu o deməkdir ki, yol polisi vətəndaşı dövlətdən narazı salır. Bunun qarşısını almağın bir yolu var, yol polis sistemi ləğv edilməli, yol hərəkətinə nəzarət xidməti yaradılmalıdır. Bu qurumun işi vətəndaşa, xalq xidmət olmalıdır, insanları incitmək yox”.

Nuranə Daxilqızı / Redaktor.az