İqtisadiyyat nazirliyinin təqdimatında vebinar keçirilib

 19:06 11.09.2020     78

Sentyabrın 11-də "Yüksəliş" müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.

Redaktor.az xəbər verir ki, 450-yə yaxın iştirakçının qatıldığı vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, İqtisadiyyat naziri Mikayıl Cabbarov “İdarəçi rəhbər və təcrübə” mövzusunda təqdimatla çıxış edib. 

Mikayıl Cabbarov “Yüksəliş” layihəsinin əhəmiyyəti barədə məlumat verib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan rəhbər şəxslərin müəyyən edilməsində, zəngin kadr resurslarının yaradılmasında mühüm rolunu qeyd edib.
İqtisadiyyat naziri idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı üçün vacib olan amillərlə bağlı fikirlərini bölüşüb.

Vebinarda həmçinin, idarəçi rəhbərlərin təcrübədə qarşılaşdıqları məqamlar barədə məlumat verilib, müxtəlif qurumlarda müəyyən edilən hədəflər, məqsədə çatmaq üçün istifadə olunan metodlar, təcrübə əsasında qazanılan müsbət nəticələr diqqətə çatdırılıb. Yeni yanaşmaların tətbiqinin faydalı nəticələri, şəffaflığın təminatı üçün istifadə olunan müasir alətlər, innovativ yanaşmalara əsaslanan həllər, mövcud resursların daha səmərəli istifadəsi üçün istifadə olunan mexanizmlər, geniş və əhatəli sistemlərdə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, böhran zamanı idarəetmənin xüsusiyyətləri izah olunub.