Koronavirus peyvəndi Azərbaycana bu tarixdə gətiriləcək - AÇIQLAMA

 15:53 15.09.2020     1209

Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizə fonunda peyvəndin ölkəmizə gətirilməsilə bağlı bəzi şirkətlərlə danışıqlar aparıldığı barədə fikir səsləndirib. Dövlət başçısı qeyd edib ki, biz hazırda postpandemiya dövrünə hazırlaşırıq:

"Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik...”

Maraqlıdır, peyvəndin ölkəmizə gətirilməsi ilə bağlı işlər hansı mərhələdədir və bu nə vaxta gözlənilir?

Redaktor.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev bunları deyib:

"Bu barədə tam dəqiqliklə məlumatım yoxdur. Amma hesab edirəm ki, peyvəndin Azərbaycana gətirilməsi və onun ölkəmizdə geniş tətbiqinə başlanması bu ilin sonundan tez olmayacaq. Payızda - oktyabr, noyabr aylarında özümüzü qorumalı və peyvəndə güvənməli deyilik”.

Mövzu ilə bağlı Operativ Qərargahın mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Belə ki, gün ərzində dəfələrlə əlaqə saxlamağa cəhd etsək də zənglərimiz cavabsız qaldı. //Sfera.az