Vətandaşlardan alınan "Pikap"ları geri qaytarıldı - RƏSMİ AÇIQLAMA

 14:05 25.09.2020     779

Bir neçə gündür sosial şəbəkələrdə ölkə ərazisində Baş Dövlət Yol Polisi tərəfindən "Pikap" tipli avtomobillərin vətəndaşdan alınması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev Redaktor.az-a həmin nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanıldığını və bu haqda sahiblərinə məlumat verildiyini bildirib:

“Həmin avtomobillər qeydiyyata alınma məqsədi ilə saxlanılır. Avtomobil saxlanılarkən bununla bağlı vətəndaşa da məlumat verilir. Hazırda saxlanılan avtomobillərin hər biri sahiblərinə geri qaytarılıb. Bununla bağlı da ictimaiyyətə rəsmi açıqlama verilib”.

Bəs, qanunla hansı hallarda dövlət vətəndaşın şəxsi nəqliyyat vasitəsindən istifadə edə bilər?

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev saytımıza açıqlamasında fövqaladə vəziyyətdə dövlətin mövcud vəiyyətin aradan qaldırılması üçün vətəndaşın nəqlliyyat vəsitəsindən istifadə etmə hüququnun olduğunu bildirib:  

“Vətəndaşın nəqliyyat vasitəsindən istifadə etmək üçün səfərbəlik elan olunmasa belə, fövqaladə vəziyyət elan olunmalıdır. Fövqaladə vəziyyət haqqında qanunun 8-ci maddəsinə görə, mülküyyət növündən asılı olmayaraq, hüquqi şəxslərin bütün resurslarına, fiziki şəxslərin isə  nəqliyyat vəsitələrinə fövqaladə halın aradan götürülməsinə cəlb etmək mümkündür. Lakin bunun üçün fovqaladə vəziyyət elan edilməlidir, əks halda bu, yolverilməzdir”.

Mahir Xəttab \ Redaktor.az