Cəbhədən gələn yalnız bu xəbərlərə İNANIN! - DÜŞMƏN YALAN MƏLUMAT YAYIR

 12:07 29.09.2020     879

“Bu gün kifayət qədər dezinformasiyalar yaymağa çalışırlar. Yalnız rəsmi xəbərləri gözləmək məcburiyyətindəyik. Başqa alternativ qaynaqlara müraciət etmək fikir çaşqınlığı yarada və cəbhədə baş verən obyektiv mənzərənin yerinə yalnış təsəvvür formalaşdıra bilər.”

Bu fikirləri ekspert Vüqar Zifəroğlu Redaktor.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, vətəndaşlarımız xəbər alan zaman yalnız rəsmi mənbələrə üstünlük verməlidir:

“Təbii ki, bu dəqiqə hamımızın ürəyi cəbhə ilə döyünür. Oradakı əsgərlərimizdən xoş xəbərlər gözləyirik. Cəbhə ilə bağlı tez-tez xəbərlər almaq istəyirik. Biz nə qədər həyəcanla o xoş xəbərləri gözləsək də, yalnız rəsmi mənbələrə etibar etməliyik. Rəsmi mənbələrin yaydığı xəbərləri izləməliyik.”

Ekspert onu da bildirib ki, əhali düşmən tərəfindən yayılan cəfəng, absurd informasiyalara inanmamalıdır:

“Müasir dövrdə informasiya, hibrid müharibəsi kimi anlayışlar var. Düşmən informasiya müharibəsində maksimum dərəcədə müxtəlif metodlarından və vasitələrindən istifadə edir, aramızda çaşqınlıq və ümidsizlik yaratmağa çalışır. Son iki gündür yayılan xəbərlər arasında kifayət qədər yalnış xəbərlərə, dezinformasiyalara rast gəlmək mümkündür. Məsələn, düşmən tərəfi 2013-cü ildə Suriya səmasında vurulan helikopterin şəkillərini  Azərbaycan helikopteri kimi təqdim etməyə çalışıb.”

Zöhrə Pənah / Redaktor.az