Gəncədə axtarış-xilasetmə işləri yekunlaşdı

 15:27 11.10.2020     132

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədi çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.