Azərbaycanda sərt qadağalar tətbiq edilə bilər - COVID-19
Ölkədə bir sıra qaadağalar olmasına baxmayaraq, koronavirusa yoluxma statistikasında artım davam edir. Bəs, buna səbəb nədir?
Redaktor.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib ki, virusun statistikasında azalma insanlarda müəyyən arxayınlıqların yaranmasına səbəb oldu:
“Dünyanın koronavirus statistikasına nəzər salsaq görərik ki, artımlar yenidən müşahidə olunur. Bir sıra ölkələrdə virusla bağlı yenidən sərt qadağalar tətbiq edilir. Bu da vəziyyətin ürək açan olmadığı göstətrir. Bildiyimiz kimi, xüsusilə də yaz-payız aylarında soyuqdəymə, qrip kimi xəstəliklər baş qaldırır. Təbii ki, koronavirus infeksiyası tamamilə yox olmamışdı, sadəcə rəqəmlərdə durğunluq müşahidə olunurdu. Hazırda ölkədəki virusa yoluxma hallarında artım var və bu yüksəliş tempi ürəkaçan deyil. Artıma səbəb olan subyektiv məsələlər də var. Yəni, insanlarda müəyyən arxayınlıq yarandı və sosial məsafə, yaxud maska kimi çox sadə müdafiə üsullarına biganə yanaşdılar"
Millət vəkili eyni zamanda yoluxmanın əsas səbəblərindən danışıb:
"Son bir ay ərzində diqqətin döyüş bölgəsinə yönəlməsindən sonra insanlar virusun mövcudluğunu unutdular. Bu, çox səhv yanaşmadır. Hazırda arxa cəbhədə olanlar virusdan qorunma yollarına hər zamankindən daha diqqətli yanaşmalıdır. Çünki ön cəbhədə vuruşan əsgər arxayın olmalıdır ki, onun ailəsi sağlamdır. Eyni zamanda arxa cəbhədən ön cəbhəyə virusun yoluxması ordunun uğurlarına mane ola bilər. Bu səbəbdən insanların üzərinə əvvəlkindən daha artıq məsuliyyət düşür.
Operativ Qərargah yoluxmanın dinamikasına daim nəzarət edir və səbəblərini araşdırır. Buna görə yoluxmanın artması ilə bağlı yeni qərarlar qəbul edilə, ən sərt tədbirlərə də gedilə bilər”.
Şəfəq Samed \ Redaktor.az