Karantin qaydalarını pozanlar CƏRİMƏLƏNİBLƏR / QƏBƏLƏ

 18:20 23.10.2020     466

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.

Redaktor.az bildirir ki, son üç gündə rayonda 168 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 175 digər təyinatlı obyektə baxış keçirilib. Reydlərin nəticəsi olaraq, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər rayon sakini, həmçinin 7 nəfər ticarət və ictimai iaşə obyektinin, 1 nəfər aptek, 1 nəfər internet klubu və 1 nəfər avtomobil təmiri emalatxanasının işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunub. Bundan əlavə, dünyasını dəyişmiş 5 mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri davam etdirilir. //AZƏRTAC

222222