Bakının basabas avtobusları: 988 yoluxma - BNA-dan köhnə sözlər...

 09:30 29.10.2020     2191

Koronavirusa yoluxmanın artmasına səbəb olaraq ictimai nəqliyyatdakı sıxlıq, sosial məsafənin qorunmaması əsas səbəb göstərilir. Bəs, vəziyyətdən çıxış yolu nədir?

Bakı Nəqliyyat Agentliyinin (BNA Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev Redaktor.az-a bildirib ki, hazırda icra olunan sərnişindaşımaları adi daşımalar deyil. Hərbi vəziyyətdir və bütün işlər də bu vəziyyətə uyğun təşkil olunur:

"Bildiyimiz kimi, metroda sərnişindaşımaların dayandırılması ilə hazırda bütün yük avtobusların üzərinə düşüb. Çünki şəhərimizdə metro və avtobuslardan başqa alternativ ictimai nəqliyyat yoxdur. Son bir həftədə gündəlik sərnişin səfər sayı 1 mln. 900 min - 2 mln. nəfər arasında və bu göstəricinin hamısı avtobuslarla icra olunub.

Axşam saat 21:00-da hərbi rejim başladığı üçün insanlar da səfərlərini daha çox məhz iş saatının bitməsi ilə komendant saatının başlaması arasında (18:00-21:00 aralığında) olan zaman kəsiyində edirlər. Nəticədə yollarda nəqliyyat yükü artır, sıxlıq, bəzən isə tıxac halları yaranır. Bu gün səhər və axşam pik saatlarında avtobusların hərəkət intervalındakı gecikmələrin başlıca səbəbi də məhz budur. Avtobuslar üçün ayrıca zolaqların olmaması vəziyyəti bir qədər də çətinləşdirir.

Adi rejimlə müqayisədə oktyabrın 19-dan xətlərə 15%-dən artıq avtobus çıxarılır. Pik saatlarda isə ekspres xətlər üzrə təxminən 100 ədədə yaxın avtobus əlavə olaraq cəlb olunur. Lakin sadaladığım səbəblərdən hər gün biz səhər və axşam pik saatlarında dayanacaqlarda və avtobuslarda sıxlıqların şahidi oluruq".

Mais Ağayev ictimai nəqliyyat vasitələrinin sayının az olması ilə bağlı iddialara cavab olaraq bildirib ki, problemi avtobus sayı ilə əlaqələndirmək doğru deyil:

"Əgər yolda tıxac varsa, əlavə avtobusların cəlb olunması sadəcə tıxacın daha da artmasına səbəb olacaqdır. Ona görə belə bir həssas məqamda hamının diqqət və marağında olan xidmət sahəsi kimi ictimai nəqliyyatla bağlı fikir bildirərkən son dərəcə diqqətli olmalıyıq. Bəzən COVID-19 infeksiyasına yoluxma hallarının artmasını birbaşa avtobuslarla əlaqləndirirlər. Bu kimi fikirlər səsləndirən zaman yaxşı olardı ki, xəstəliyin statistikasına dair gündəlik məlumatlar nəzərdən keçirilsin".

Şəfəq Samed \ Redaktor.az