80 baş qoyun suda batdı - Göyçay

 16:05 15.11.2020     55

Göyçay rayonunda xırda buynuzlu heyvanlar arasında tələfat baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qaranın otlaq sahəsində qeydə alınıb.

Kənd sakinlərindən Baloğlan Əsgərov, Ağaisa Mirəliyev, Xəyyam Nuriyev, Sirac Haqverdiyev, Azad Bəşirov, Rasim Mircəfərov, Elvin Mirəliyev və başqalarına məxsus 320 baş qoyundan 80-i otlaq sahəsinin ortasında yeni qazılan dərin suvarma arxına düşüb. Hadisə nəticəsində 17 baş qoyun tələf olub, 50-dən çox qoyun suda boğulub, xəsarət alıb.

Kənd sakinləri bildiriblər ki, Şəkər kənd icra nümayəndəliyi əhalinin otlaq sahəsini iki yerə bölüb, su arxının bir tərəfində yonca sahəsi və tut bağı salıb, digər tərəf isə otaq sahəsi kimi qalıb.

Dünən kənd icra nümayəndəliyinin sifarişi ilə “Hyundai” markalı ekskavator bu otlaq sahəsinin ortasında dərinliyi iki metrdən çox olan arx qazıb. Kənd sakinləri bu arxın qazılmasından xəbərsiz olduqlarını bildiriblər. 

Bu gün otlaq sahəsinə gələn qoyun sürüsü arxdan keçmək istəyərkən qəflətən suya düşərək, boğulublar. Çoban sahədə tək olduğu üçün qoyunların dərin su arxına yaxınlaşmasının və suya düşməsinin qarşısının ala bilməyib.

Yerli sakinlər bu məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etdiklərini, lakin onların hadisə yerinə gəlmədiklərini bildiriblər.

Kənd sakinləri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Məlumat Mərkəzinə müraciət ediblər. Hazırda polis əməkdaşları hadisə yerindədir. Vətəndaşlar onlara dəyən maddi ziyanın ödənilməsi üçün şikayət ediblər. //APA