"Hərbçi övladımızla fəxr edirik"

 05:29 18.11.2020     618

44 günlük müharibədə göstərdiyi xidmətə görə fərqlənən Əmrah Salahovla ailəsi qürur hissi yaşayır.

Redaktor.az xəbər verir ki, erməni təxribatının qarşısının alınmasında şücaəti olan hərbçilərimizdən biri də Saatlının Fətəlikənd kənd sakini Əmrah Saralovdur. O, düşmənlə gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə fərqlənib. 

Saatlının Fətəlikənd kəndində məskunlaşan Saralovlar ailəsi əslən Axısqa türklərindəndir. Düşmən təxribatının qarşısını almaq məqsədilə başlayan Vətən müharibəsində iştirak etmək üçün qismən səfərbərlik elan olunduqda Əmrah da cəbhəyə yollanıb. Hərbi xidməti zamanı rabitəçi olan əsgərimiz bütün bilik və bacarıqlarını ortaya qoyaraq düşmən qüvvələrini məhv etmək üçün əlindən gələni əsirgəməyib. Əmrahın ayıq-sayıqlığı, vaxtında və dəqiq məruzə etdiyi hərbi komanda sayəsində mənfur düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. İndi Əmrahın valideynləri öz övladı ilə fəxr etdiyini söyləyir.

Əmrahın atası Rəhim Saralov deyir:

“Bu xəbəri qonşum zəng edərək söylədi mənə: Oğlunuzu televizorda göstərirlər. Dərhal televizoru açdım, övladımı görəndə qürurumdan, yerə-görə sığmadım. Fəxr etdim ki, mənim övladım Vətənə, dövlətə, millətə xeyirli bir övlad olaraq yetişib və Vətənin keşiyində dayanıb”.

Əmrahın anası Əzizə Saralova övladı ilə bağlı hisslərini belə ifadə edib:

“Övladımı yola salanda ilk nəsihətim o oldu ki, vətənə layiqli xidmət et. Əmrah cəbhədən gələn xəbərləri ilə bizləri sevindirdi. Bir əsgər anası olaraq qürur duyuram ki, belə vətənpərvər övlad yetişdirmişik”.

//AZƏRTAC