Bu gün ədliyyə işçilərinin peşə bayramıdır

 14:53 18.11.2020     2204

Azərbaycanda Ədliyyə sisteminin xalqımızın müstəqillik uğurunda mübarizəsini , onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin Ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamışdır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə palatasının əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komotəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə Mərkəzi  İcrayyə Komitəsinə və digər orqanlara verilmişdir.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövürə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərari ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan Ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilatı rəhbərliyi həyata keçirmiş əhaliyə hüquqi yardımı yaxşılaşdırılmış notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş ümumiyyətlə ədliyyə işi təkminləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra Ədliyyə orqanlarının işinin müasir tələbləri səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçrildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik  Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciyyət edilmiş və H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Peşə bayramı ərəfəsində Ali Baş komandan İlham Əliyev cənablarının rəhbərliyi altında müzəffər ordumuz tərəfindən işğalaltında  olan torpaqlarımızın işğaldan azad olunması və 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbə bütün xalqımız kimi biz ədliyyə işçilərini də boyük sevincinə səbəb olmuş, iki qat bayrama çevrilmişdir. Tezliklə işğaldan azad olunan şəhərlərmizdə də ədliyyə işçiləri fəaliyyətə başlayacaq və xalqımıza xidmət  göstərəcəklər.

Atakişi Əliyev

Ağsu rayon qeydiyyat şöbəsinin rəisi