Həftəsonu yalnız bu sahələr işləyəcək - SİYAHI

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərarla ölkə üzrə məhdudiyyətlərin tətbiq olunduğu həftəsonlarında fəaliyyətinə icazə verilən sahələr müəyyənləşib.
Redaktor.az xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
1. Hüquq-mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
2. Fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
3. Səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
4. Kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
5. Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
6. Apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
7. Kütləvi informasiya vasitələrinin fəaliyyəti;
8. Mühafizə xidmətləri.
Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.