Ağdaşda şəhidin adına tikilən bulağın açılışı olub

Yanvarın 6-da Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində Vətən müharibəsindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səlimzadə Ramil Raqif oğlunun xatirəsinə tikilən bulağın açılışı olub.
Redaktor.az xəbər verir ki, “Xatirə bulağı”nın açılışında rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul işçiləri, Qarabağ müharibəsi və şəhid ailələri ictimai birliyinin üzvləri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağından danışılıb.
1995-ci ildə Yuxarı Ağcayazı kəndində dünyaya göz açan şəhid Ramil Səlimzadənin qısa, şərəflin ömür yolu barədə məlumat verilərək bildirilib ki, ötən il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan döyüşlərin ilk günlərindən manqa komandiri kimi vuruşan Ramil Tərtər və Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Ağdərə döyüşlərində özü də qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb. Hazırda o, doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında uyuyur. Ölümündən sonra ölkə başçısının Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin atası Raqif Səlimzadə bulağın açılışında çıxış edərək göstərilən diqqət və qayğıya, söylənilən xoş sözlərə görə minnətdarlığını bildirib. Tədbirdə “Xatirə bulağı”nın üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
//AZƏRTAC