"Xocəsən" deposunda işlər davam etdirilir

 14:43 07.01.2021     611

Hazırda "Xocəsən" deposunda işlər sürətlə davam etdirilməklə Bənövşəyi xəttin inşasına paralel və zərurətə uyğun olaraq 3 mərhələdə həyata keçirilir.

Bu barədə Redaktor.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildiriblər. Hazırda 3 stansiyanın tələbinə uyğun sahələrin inşası davam etdirilir.

Dəmir yoluna çıxış yolunun hazırlanması həlledici mərhələdədir. Qatarlara təmir-baxış sahəsinin qurulması istiqamətində aparılan işlər çərçivəsində bir baxış qanovu və rels yolu hazır vəziyyətə gətirilib, daha ikisində yolun üst quruluşu elementlərinin quraşdırılması tamamlanır.

Depo sahəsində blok-post binası, müvafiq kommunikasiya sistemləri, yükləmə-boşaltma məntəqəsi, yanğın təhlükəsizliyi və digər texniki xidmət sahələri ilə yanaşı, yeraltı keçid, həmçinin sərnişin platformasında işlər pandemiya tələbləri nəzərə alınmaqla planlaşdırılmış qaydada davam etdirilir.

Qeyd olunub ki, “Cəfər Cabbarlı” stansiya yolunda da yeniliklər olacaq. 2020-ci ildə irimiqyaslı təmir-bərpa və yenidənqurma işləri "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda başa çatmaq üzrədir. Burada platforma və stansiya yolu tamamilə əsaslı şəkildə yenidən qurulmaqla xidmət imkanları, konstruksiya etibarlığı, habelə estetik görkəmi ilə də müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb. Bu stansiya ilə "Xətai” stansiyasını birləşdirən tunellərdə böyükhəcmli bərpa işləri aparılıb. Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib.

Ümumiyyətlə, 2020-ci il metro tikintisi və stansiyaların əsaslı təmiri, yenidən qurulması, infrastruktur yeniləşməsi baxımından əhəmiyyətli kimi yadda qalacaq.